Əyləncə Adası

Naxçıvanda ilk dəfə

“Cahan Holdinq” Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, yeni xidmət sahələrinin yaradılmasına da nail olmuş, 2014-cü ildə istifadəyə verilən “Əyləncə Adası”nda əhaliyə nümunəvi xidmət göstərilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan ticarət mərkəzi müasir memarlıq üslubunda inşa olunmuşdur. Binada lift sistemi quraşdırılmış, iş otaqları istifadəyə verilmişdir. Zirzəmi qatından isə böyük anbar kimi istifadə olunur.
Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Türkiyə, İtaliya, Yaponiya və Cənubi Koreya istehsalı olan məhsullar da satılır.
 
 
Müasir görkəmi və memarlıq üslubu ilə seçilən ticarət mərkəzi əhalinin məşğulluğunun təmin olunmasına da əlverişli şərait yaratmışdır. Məlumat üçün qeyd edək ki, layihəyə uyğun olaraq, yeni korpusun zirzəmi qatı mal və materialların ehtiyat anbarı, birinci mərtəbə uşaq, böyük və qadın geyim mağazaları, uşaq oyun sahəsi, həmçinin kafeteriya, ikinci mərtəbə isə çilçıraq və yataq, mətbəx, ofis, yumşaq mebel dəstlərinin, tül pərdə, yataq örtüyü, hamam dəstləri, xalça və yer döşəmələri, ev aksesuarlarının satışı üçün nəzərdə tutulmuşdur. Yeni korpusun ətrafında 48 min kvadratmetr ərazidə gəzinti yolları, yürüş yolları, uşaqlar üçün amfiteatr, hovuz inşa olunmuş, karusel və fəvvarələr quraşdırılmış, paintball meydançası tikilmiş, sakinlərin və şəhərimizə gələn qonaqların istirahəti üçün əlverişli şərait yaradılmışdır. “Əyləncə adası”nda nümunəvi xidmət göstərilməsi ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasına da əlverişli şərait yaradılaraq, 120 nəfər daimi işlə təmin olunmuşdur.